Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Xəbərlər
1 May , 2014

01 May 2014-cü il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə dəyirmi masa keçirilmişdir.Tədbiri giriş sözü ilə Qəbələ rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nargilə Qafarova açdı.Sonra Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çıxış etmək üçün söz Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Səadət Abbasəlizadəyə verildi.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.
1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.

1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. 2003-cü ilin Dekabrın 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev vəfat etmişdir. Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir. Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

Daha sonra çıxış üçün söz dəyirmi masa iştirakçılarından Rəsm Qalereyasının işçisi Cəmilə Əliyevaya verildi. O, öz çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qadınlarının cəmiyyətdəki roluna verdiyi əhəmiyyətdən danışdı. C. Əliyeva çıxıçında dedi: Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olmuşdur. Onlar arasında görkəmli dövlət, elm, mədəniyyət ve ictimai-siyasi xadimlər yetişmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş və fəaliyyətləri genişlənmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstesna əhəmiyyət verirdi.
Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə tədqiq etmiş ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirmiş və demişdir: " Qadın bəşərə yaraşıq,zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət-qeyrət, qüdrət rəmzidir " Minnətdarlıq hissilə qeyd etmək olar ki, ulu öndərimiz respublikamıza rəhbərlik etdiyi illərdə mədəniyyət sahəsində çalışan qadınlarımızın xidmətlərini yüksək qiymətləndirirdi, həm də onların uca zirvələr fəth etmələrinə əlverişli mühit yaradırdı. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qadınlara göstərdiyi diqqət və qayğını möhtərəm prezidentimiz cənab İlham Əliyev davam etdirir. Azərbaycan qadını öz ağlı, biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutur. İnanıram ki, Həcər qeyrətli, Nigar namuslu Azərbaycan qadınları bu mövqeyi qoruyub saxlayacaq, öz keyfiyyətləri, uğurları ilə dünyanı həmişə heyrətə gətirəcəkdir.

Daha sonra dəyirmi masa iştirakçıklarından Tarix Diyarşünaslıq Muzeyinin direktoru Xalis Məmmədov, Hacallı kənd Yaradıcılıq Evinin direktoru Afət Əliyeva və digərləri çıxış edərək Ümummilli Lider Heydər Əliyevin hərtərəfli fəaliyyəti ilə bağlı öz ürək sözlərini söylədilər.
Tədbirdə Qəbələ Rayon Mədəniyyət və Turizim Şöbəsinin, Qəbələ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Musiqi və İncəsənət məktəbinin və eləcədə Tarix Diyarşünaslıq Muzeyinin işçi kolektivləri iştirak edirdilər.