Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
7 İyun , 2019

Qəbələ rayon Mərkəzi Kitabxanada  Cəlil Məmmədquluzadənin  həyat  və  yaradıcıllığına həsr edilmiş bədii gecə keçirilmişdir. Cəlil Məmmədquluzadəyə həsr edilmiş tədbirimizə  kitabxanamızın  fəal oxucuları , məktəblilər  və gənc yazarlarımız  dəvət olunmuşdur. Tədbirdə  Cəlil Məmmədquluzadənin  həyat  və  yaradıcıllığına həsr edilmiş məruzələr səsləndirildi. Qeyd edildi ki, Yazıçı-dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir (1887-1897). İlk bədii əsəri sayılan "Çay dəstgahı"(1889) alleqorik pyesini, "Danabaş kəndinin əhvalatları" (1894-1936 cı ildə nəşr olunmuşdur) hekayəsini də bu dövrdə yazmışdır.

Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində "Şərqi - Rus" qəzetinin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olmuşdur. 1903-cü ildə yaratdığı "Poçt qutusu" əsəri 1904-cü ildə elə "Şərqi-Rus" qəzetində çap olunmuşdur. 1906-cı ildə Tiflisdə "Molla Nəsrəddin" jurnalının ilk nömrəsi işıq üzü görür və müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunur.

C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır.

4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmiş ədibin qəbri "Fəxri Xiyaban"dadır. Cəlil Məmmədquluzadənin nəvə-nəticələri bu gün dünyanın müxtəlif ölkələrində (Fransa, Polşa və İranda) yaşayır.