Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Görkəmli şəxsiyyətlər
18 Fevral , 2015

Tahirzadə Ədalət Şərif oğlu- müəllim, dilçi, filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor. Ədalət Şərif oğlu 23 may 1951-də Qutqaşen (indiki Qəbələ) rayonunun Xırxatala kəndində anadan olub. 1958-ci ildə Xırxatala kənd 8-illik məktəbinin 1-ci sinfinə gedib, 1966-cı ildə həmin məktəbi bitirib. Orta təhsilini 1968-ci ildə Qəbələ rayonununZarağan kənd orta məktəbində başa vurub. Orta məktəbi bitirdikdən sonra 1968-69-cu dərs ilində Xırxatala kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləyib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Məhəmmədəmin Rəsulzadə adına BDU) filologiya fakültəsinə daxil olub, 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1974-1977-ci illərdə təyinatla İsmayıllı rayonunun Topçu kənd orta məktəbində türk dili (Azərb. dili) və ədəbiyyat müəllimi işləyib. Təyinat müddəti bitdikdən sonra Qəbələ rayonunun Kiçik Pirəlli kənd orta məktəbində bir il dörd ay (sentyabr 1977-dekabr 1978) Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. 1977-ci ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasına daxil olub, 1978-ci ilin dekabrından əyani şöbəyə keçirilib. Daha sonra ailəsiylə birlikdə Bakıya köçüb. 1981-ci ildə aspiranturanı bitirərək Dilçilik İnstitutunda kiçik elmi işçi (yanvar 1981- oktyabr 1984) və baş elmi işçi (oktyabr 1984-yanvar 1986) vəzifələrində işləyib. 1983-cü ilin fevralında dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1985-ci ilin avqustundan 1987-ci ilin iyununadək Azərbaycan EA-nın "Elm" qəzetinin ilk redaktoru olub. 1987-ci ilin iyunundan 1988-ci ilin fevralınadək EA Əlyazmalar İnstitutunda şöbə müdiri, aparıcı elmi işçi (fevral 1988-yanvar 1991), baş elmi işçi (yanvar 1991-fevral 1992) işləyib. "Azadlıq" qəzetinin qurucularındandır. Görkəmli jurnalist və ictimai xadim Nəcəf bəy Nəcəfovun (1955-1999) baş redaktor olduğu bu qəzetdə ilk saydan – 1989-cu ilin 24 dekabrından 1991-ci ilin iyulunadək redaktor müavini vəzifəsində çalışıb. 1991-ci ilin avqustunda "QKÇP" vaxtı yenidən "Azadlığ"a qayıdaraq 1992-ci ilin yanvarınadək burada müqavilə ilə baş müxbir olub. 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabrınadək Azərbaycan Respublikası xalq təhsili nazirinin, ali və orta ixtisas təhsili nazirinin və təhsil nazirinin müavini işləyib. Müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan tam yeni ilk proqram və dərslikləri (o sıradan orta məktəblərimiz üçün 7 ictimai fənn üzrə proqramlar və 82 adda dərslik!) bu dönəmdə məhz onun rəhbərliyi altında hazırlanıb. 1993-cü ilin noyabrından Ali Diplomatiya Kollecinə (indiki BakıAvrasiya Universiteti) baş müəllim keçib və 2009-cu ilin oktyabrınadək orada dosent kimi çalışıb. 2011-ci ildən həmin universitetin professorudur. 2009-cu ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisidir. Azərbaycan Respublikasının 2-ci prezidenti, mərhum Əbülfəz Elçibəy (1938- 2000) Kələkidən Bakıya dönəndən sonra onun özəl mətbuat katibi işləyib (1998-ci ilin fevralından 2000-ci ilin mayınadək). Yuxarıda göstərilənlərdən başqa, ―Ay-Ulduz‖ nəşriyyatının direktoru (1996-1999), ―Məşvərət‖ bülleteninin (redaktor: Nəcəf Nəcəfov) redaktor müavini (1997-1999), elmipedaqoji ―Düşüncə‖ dərgisinin baş redaktoru (2000) işləyib. ―Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri‖ toplusunun məsul redaktorudur (2012-dən). 18 kitabın, 450-yə yaxın elmi, elmi-kütləvi və publisistik yazının müəllifidir. Hacı İsmayıl bəy Qutqaşınlı, Haşım bəy Vəzirov, Salman Mümtaz, Məşədi Azər Buzovnalı, Rəşid bəy Əfəndizadə, Mirabbas Mirbağırzadə... kimi Azərbaycan klassiklərinin bəlli olmayan bir çox əsərlərini üzə şıxararaq onları ərəb qrafikasından latın qrafikasına çevirib və ilk dəfə nəşr etdirib. ―Uşaq ensiklopediyası‖nda (III cild, Bakı: ―Azərbaycan Ensiklopediyası‖, 1999) 16, ―Diplomatiya: ensiklopedik lüğət‖də (Bakı: ―Diplomatiya‖, 2005) 35 məqaləsi dərc edilib. 1930-cu illərdə repressiya olunmuş və adları unudulmuş çoxlu Azərbaycan ziyalısını, Azərbaycan Cümhuriyyəti Parlamanı (1918-1920) üzvlərini, Cümhuriyyətin xarıcə oxumağa göndərdiyi tələbələri də ilk dəfə öyrənərək Azərbaycanın və bir sıra xarici ölkələrin mətbuatında onlar haqqında geniş tərcümeyi-hal oçerkləri ilə çıxış edib. Nəcəf Nəcəfov adına(2000) və ―Qızıl qələm‖ (2011) mükafatları laureatıdır. Evlidir. 2 oğlu və 1 qızı var. Başlıca kitabları § Xırxatala kəndinin tarixi və uruqlarının soyağacı. Bakı: ―Sabah‖ nəşriyyatı, 1996. § Meydan: 4 il 4 ay. 2 cilddə. Bakı: ―Ay-Ulduz‖, 1997. § Elçi Bəy. Bakı: ―Cümhuriyyət‖ qəzetinin nəşri, 1999. § İsgəndər Rzazadə - Azərbaycanın ilk energetiki. Bakı: ―Kür‖, 2000. § Cəfər Kazımov – Sovet uranını tapanlardan biri. Bakı: ―Kür‖, 2001. § Prezident Elçibəy. Bakı: ―Yeni Müsavat‖ qəzetinin nəşri, 2001. § Nadir şah Əfşar. Bakı: ―Kür‖, 2002. § Ağaməhəmməd şah Qacar. Bakı: ―Kür‖, 2002. § Salman Mümtaz. Bakı: ―Kür‖, 2002. § ―Kitabi-Dədə Qorqud‖un faciəsi. Bakı: ―Kür‖, 2002. § Qurtuluş və bütövlük yolu. Bakı, 2003. § Şəkinin tarixi qaynaqlarda. Bakı: ―Master‖, 2005. (PDF; HTML1, HTML2) § Türkiyəmizdə 10 gün. Bakı: ―Ləman‖, 2011.