Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Görkəmli şəxsiyyətlər
18 Fevral , 2015

Məmmədov Elman İdris oğlu 1948-ci ildə Azərbaycan Respublikası Qəbələ rayonu, Zarağan kəndində qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Çarxana kənd ibtidai məktəbinə daxil olmuş, 1965-ci ildə Zarağan kənd orta məktəbini Qızıl medalla bitirərək, S.M.Kirov adına ADU-nun (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə qəbul olunmuşdur. 1970-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və 1971-ci ildə Ç.İldırım adına AzPİ-nin (indiki Azərbaycan Texniki Universiteti) «Analitik kimya və kimya texnologiyası» kafedrasında aspiranturaya daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra Azərbaycan Təhsil Nazirliyinin göndərişi ilə həmin kafedrada baş laborant vəzifəsinə götürülmüş, 1975-ci ilin yanvar ayından kimya elmləri namizədidir, həmin ilin mart ayından assistent vəzifəsinə təyin olunmuşdur. 1977-ci ildə Ç.İldırım adına AzPİ- nin Kirovabad filialına (indiki Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhəri) keçirilmişdir. 1984-cü ildə «Kimya» kafedrasında dosent vəzifəsini tutmuş, 1991/97-ci illərdə həmin kafedranın müdiri işləyib. 1997-ci ilin sentyabr ayından Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında baş mütəxəssis vəzifəsinə təyin olunmuş və həmin ilin noyabr ayından TQDK nəzdində olan «Abituriyent» hazırlıq kursunun rəhbəri vəzifəsinə keçirilmişdir. 2001/2006-cı illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru işləmişdir. 25 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru təyin olunmuşdur. 1992-ci ilin mart ayında müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsi almış, 1994-cü ilin fevral ayından professordur. 70-dən çox elmi əsərin, o cümlədən 7 müəlliflik şəhadətnaməsinin, 1 dərsliyin, 5 dərs vəsaitinin və 2 metodik göstərişin müəllifidir. Respublika məktəblərinin VIII sinif şagirdlələri üçün 2004-cü ildə buraxılış alternativ «Kimya» dərsliyinin müəllifidir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Uşaqlar üçün ―Kimya‖ ensiklopediyasını rus dilindən tərcümə edib.