Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Rayon haqqında
17 Fevral , 2015

Qəbələ rayonun ərazisi dağ gölləri ilə zəngindir. Hələ 1882-1890-cı illərdə Qutqaşın məktəbində (indiki Qəbələ şəhər 1 N-li orta məktəbi) müəllimlik edən görkəmli pedaqoq Rəşid bəy Əfəndiyev bu rayonun gölləri ilə maraqlanmış və ,,Nohur gölü” adlı məqalə ilə mətbuatda çıxış etmişdir. 1935-ci ildə gölşunas Ə.H.Əlizadə və 1960-cı ildə R.B.Tarverdiyev və X.C.Zamanov Böyük Qafqazın, o cümlədən Qəbələ rayonunun göllərini tədqiq etmişlər. Qəbələ rayonun ərazisindəki göllərin böyük əksəriyyəti Dəmiraparan çayının hövzəsində, dəniz səviyyəsindən 2300-3380 m hündürlükdə yerləşir. IV dövr buzlaşması zamanı dağ buzlaqlarının yaratdığı çuxurlarda (buzlaq mənşəyli) və dağarası çökəkliklərdə yerləşən bu göllərin sayı 10 -a qədərdir. Çoxsulu dövürdə onların sahəsi 0,1 – 3,8 ha arasında dəyişir. Dəmiraparan çayının və onun qollarının qida mənbəyi rolunu oynayan bu göllərin ən başlıcaları aşağıdakılardır. Tufan-göl – Dəmiraparan çayının sol qolu Tufançayın sağ qolunun mənbəyindən 4 km şimalda, dəniz səviyyəsindən 3,277 m yüksəklikdə yerləşir. Buzlaq (moren) mənşəyli olan Tufangölün ətrafı dağlarla əhatə olunmuş, qar və buzlaq suları ilə qidalanan şirin sulu göldür. Gölün uzunluğu 160 m, eni 125 m, çoxsulu dövürdə sahəsi 3,8 hektara çatır. Dərinliyi 5,6 m -ə çatan Tufan gölün suyu yay aylarında şəffaf olur və 2 m-ə qədər gölün dibi aydın görünür. Iyul ayında gölün suyunun t 0 – u +10 0 – dən yüksək olur. Rayonun dağ yaylaqlarının Şimal sərhəddində yerləşən Tufan gölün əhatəsi ilin 8 – 9 ayı buludlu, qarlı, çovqunlu keçir. Bəzən qar örtüyü bütün il ərzində əriməyə macal tapmır. Bu yerlərə bələd olan köçəri maldarlar (yerli əhali) Tufan gölü Nuhun gölü kimi tanıyırlar. Rəvayətə görə guya gölün sahilində Nuhun gəmisinin parçalanmış qalıqlarına rast gəlinmiş. Lakin Tufan dağ, ,,Tufan çay ” və ,,Tufan göl” adları çox güman ki, qeyd olunan coğrafi ərazinin sərt, tufanlı-qasırğalı təbiəti ilə əlaqədardır. İsmayıl Bəy Qutqaşınlı gölü – Tufan göldən 4 km şimalda, Dəmiraparan çayının sol qolunun mənbəyindən 3 km şimalda, dəniz səviyyəsindən 3,305 m. Yüksəklikdə yerləşir. Sahəsi 1,3 hektar olan bu göl qar suları ilə yanaşı yaxınlıqdakı gursulu bulaq suyu ilə qidalanır. Göldən heç bir çay başlamır. Lakin yer altı çatlar vasitəsi ilə gölün suyu Dəmiraparan çayının qoluna axır. Adsız göl olduğu üçün 1961-ci ildə tədqiatçılar tərəfindən bu gölə həmyerli yazıçı və hərbi sahədə xidmətlərinə görə general – mayor rütbəsinə yeksəlmiş məşhur sərkərdə Hacı İsmayıl Bəy Qutqaşınlının (1806 – 1869) adı verilmişdir. Qeyd edək ki, vaxtı ilə Çar Rusiyası tərəfindən gölün yerləşdiyi bu ərazi xidmətlərinə görə İ.B.Qutqaşınlıya bəxşeyiş verilmişdir. Külək göl – İ.B.Qutqaşınlı gölündən 1 km qərdbə, okean səviyyəsindən 3,380 m hündürlükdə (Rayonun ən yüksəkdə yerləşən gölüdür) yerləşir. Gölün uzunluğu 145, eni isə 110 metr olub, sahəsi maksimum səviyyədə 3,6 ha (az sulu dövürdə isə 2 ha) çatır. Külək gölün qidalanmasında yeraltı sularla yanaşı hövzədəki qar suları da mühüm rol oynayır. Külək gölün ətrafında sahəsi 0,1 hektara qədər olan daha 5 adsız göl var. Külək göldən 50 m şimalda sahəsi 1000 m2 çox, qalınlığı 5 metrə çatan geniş qar ,,talası” vardır ki, buradakı qarın əriməsi nəticəsində yaxınlardakı göllərə xeyli miqdarda (2 l/ san) su axır. Qotur göl - Dəmiraparan çayının sol qolu olan Arpalı çayın mənbəy hissəsində, dəniz səviyyəsindən 2,340 metr yüksəklikdə qapalı dağarası çökəklikdə, yaylaq zonasında yerləşir. Gölə şimal – şərq tərəfdən kiçik çay axır. Qotur göl axarlı göl olub, cənubi – qərb tərəfdən Arpaçayın sol qolu bu göldən başlanğıc alır. Tədqiqatçıların fikrincə sabit qidalanma rejminə malik olan Qotur gölün qarşısında bənd çəkməklə ondan təsərrüfat məqsədləri üçün su anbarı kimi istifadə etmək olar. Gölə verilən coğrafi adın mənşəyi suyun müalicəvi əhəmiyyətinə görə - qoyun – quzuda rast gəlinən qoturluq xəstəliyinin qarşısını almaqla əhalinin bu sudan istifadə etməsi ilə əlaqədardır. Nohur gölü- ( Hohurqışlaq su anbarı) – Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. 1949-cu ilə kimi təbii göl kimi mövcud olan Nohur gölünün ətrafı sıx qamışlıq və su bitkiləri ilə örtülü bataqlıq, mərkəzi hissəsindəki dərin çuxurluqda isə sarı – yaşıl rəngdə suyu olan göl yerləşirdi. 1949-cu ildə bu gölün cənub hissəsində (Güllü burun dağı ilə Yumuru dağ arasında uzunluğu 850 m, hündürlüyü 8 – 10 m, eni 4 – 6 m olan torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. Su anbarının hazırda uzunluğu 1925 m eni 1355 metr, sahəsi 240 hektardır. Maksimum dərinliyi 24 m-ə, suyunun həcmi isə 16 milyon m3 – çatır. Nohurqışlaq su anbarına Dəmiraparan (70%) və Vəndam (30%) çaylarının suyu axıdılır. Nohurqşılaq su anbarı qeyd olunan çayların suyunu tənzimləməklə yanaşı Qəbələ, Ağdaş, Göyçay və Ucar rayonlarının təsərrüfatlarının suya olan təlabatını ödəmək məqsədi daşımasına görə mühüm əhəmiyyət kəsb edir. Digər tərəfədən əhalinin sıx məsgunlaşıdığı bölgə, Qəbələ İsmayıllı – Bakı avtomabil yolunun kənarında yerləşən bu sututar yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Nohurqışlaq su anbarından göl balıqçılarının (akvakultura) və idmanın (avarçəkmə) inkişaf etdirməsi baxımından da əhəmiyyəti böyükdür.. 1953-cü ilin qışında gölün səthindəki buz örtüyünün qalınlığı 40-50 sm. çatıb..Nohurqışlaq su anbarının səthinin tamamilə buzla örtülməsi halı 2007,2008 və 2011-ci ilin qış aylarında təsadüf olunmuşdur. Rayonun qərb zonasında Köndələndağın əhatəsində, Bum və Həmzəlli çaylarının hövzəsində 1970-80-cı illərdə yerli əhəmiyyət daşıyan kiçik sututarlar yaradılmışdır. Belə su anbarları Xırxatala kəndindən cənubda – Qəbələ Şəki yolundan 1 km Şimalda, Həmzəlli çayında Mirzəbəyli və Soltannuxa kəndlərinin ayrıcında Covurlu çayda, Tola kəndindən cənubda Qəcalan çayının üzərində və Byramkoxa kəndindən cənubda (,,Ulam”) yaradılmış, hazırda torpaq bəndləri yuyulub uçduğu üçün bunları bir çoxu yararsızdır. Rayonun Şəki- Qəbələ yaylasında təsərrüfatları suvarma suyu ilə təmin etmək məqsədi ilə Vəndam çayından ,,Yenikənd”, Dəmiraparan çayından ,,Əmili”, Qocalan çayından ,,Kürd”, Dızaxlı (Qara) çaydan ,,Tosik” kanalları (arxları) çəkilərək eyni adlı kəndlərin əhatəsində suvarma da bu kanallardan istifadə edilir. Qəbələ rayonu Azərbaycanda olan dağ buzlaqlarına görə 1 yer tutur. Böyük Qafqazın Azərbaycan ərazisində olan dağ buzlaqlarının demək olar ki, hamısı rayonun Şimal-suayrıcı sərhədlərində yerləşir. Aparılan müşahidələr göstərmişdir ki, son 70 ildə respublkiamızda olan dağ buzlaqlarının sahəsi xeyli kiçilərək 10 km2-dan hazırda 6,6 km2 çatmışdır. Bunun 6,2 km2 bilavasitə Qəbələnin sərhədlərində, təqribən 3600-4000 hündürlükdə yerləşir. Rayonun ərazisindən axan çayların qida mənbəyi rolunu oynayan buzlaq sahələr Bazar düzü zirvəsində (4466m) 3,6 km2, Bazaryurd zirvəsində (4126 m) 1 km2 Tufandağda (4206m) 0,5 km2 və Şahdağ (4243 m) zirvəsində 1,1 km2 təşgil edir. Qara, Tikanlı, Bum (Türyançayın qolları) Dəmiraparan və Vəndam çaylarının sutoplayıcı hövzəsində yerləşən, yuxarıda qeyd olunan dağ buzlaqları bu çayların qidalanmasında mühüm rol oynayır. Dəmiraparan və Bum çayının bəzi qollarında dağ buzlaqlarının qidalanmada iştirakı 60 % 70% təşgil edir. Halbu ki, rayon üzrə çay sularının 40-50% yeraltı 25-30% yağış, 20-30% qar və buzlaq suları təşgil edir. Böyük Qafqaz təbii vilayətinin şirin su ehtiyatlarının (3,873 km3) 13%-i və ya 0,51 km3 Qəbələ rayonunun ərazisindəformalaşdırılmışdır ki, bununda 29 milyon m3 yeraltı sular təşkil edir. Elmi ədəbiyyatda göstərildiyi kimi Qəbələnin yeraltı suları da qurut və təziqli (artezian) sularına ayrılır. Rayonun şimal-dağlıq hissəsində yamacların dikildiyi və dərin çay dərələri ilə parçalanması nəticəsində qurunt suları bulaq və çeşmələr şəkilində səthə çıxır. Alazan – Əyriçay vadisi yuxarıda qeyd olunduğu kimi Böyük Qafqaz tektonik qalxması ilə Kür dağarası tektonik çökməsinin qırılma zonasına uyğun gəldiyi üçün qurunt suları və təziqli layarası sular daha zəngin olub, səthə yaxındır. Vadinin şimal hissəsindəqurunt sularının səviyyəsi 70 -100 m təşgil etdiyi halda Nic qəsəbəsi, Çuxur Qəbələ - Soltannuxa - Yengicə - Məmmədağalı kəndlərinə birləşdirən enlik üzrə bu göstərici O metr olub qurunt suları əksər yerlərdə gur axanlarla səthə çuxur və ya bataqlıq əmələ gətirirlər. Şəki – Qəbələ yaylasının Hacallı – Məlikli düzlərində qurunt sularının səviyyəsi xeyli aşağı düşür, yaylanın Surxayxan dağları ilə sərhədləndiyi ərazilərdə Quşlar-Kürd-Bayramkoxa kəndləri enliyində yenidən səthə yaxınlaşır, bulaq və qaynamalar əmələ gətirir. Rayon ərazisindəki təbii bulaq və çeşmələrin kataloqunu tərtib etmiş olsaq onların sayı 1000-dən çoxdur. Rayonun, xüsusəndə köndələn dağdan (Əmilli – Sırtyengicə - Əmirvan dağ tirələri) Şimalda yerləşən elə bir kənd, yaşayış məntəqəsi yoxdur ki, onun əhatəsində onlarca bulaq və ya qaynama olmasın. Yuxarıda rayonun mineral sularının ən məhşurları haqqında məlumat verilmişdir. Aşağıdakı cədvəldə rayonun ən xarakter, suyunun keyfiyyətinə görə daha çox şöhrət tapmış olan bulaqların bir qrupu ilə tanış ola bilərsiniz. Qəbələ rayonunun ərazisi layarası təziqli sularla da zəngindir. Bu baxımdan rayonun yerləşdiyi Böyük Qafqazın Cənub yamacı Kür – Araz, Samur – Dəvəçi artezian hövzələrindən sonra III yer tutur. Rayonda əhalinin artımı, şirin suya təlabatının yüksəlməsi təziqli – layarası sulardan getdikcə daha çox istifadə olunmasına zəruriət yaratmışdır. Əgər 1970-80-cı illərdə rayonda cəmi bir neçə yerdə artezian quyusu vardırsa bu gün rayon üzrə belə su quyularının sayı 260-dan çoxdur. Qəbələ şəhərində, Vəndam, Nic qəsəbələrində, Zarağan, Böyük Pirəlli, Hacallı, Dızaxlı, Kürd, Sırt yengicə, Yengicə, Nohurqışlaq, Tüntül və s kəndlərdə artezian quyuları əhalinin içməli suya, hətta mal-qara və həyətyanı təsərrüfat işlərinə olan təlabatın ödənilməsində demək olar ki, əsas mənbə rolunu oynayır. Qəbələ rayonunun yerüstü (çay, göl, su anbarı və buzlaqlar) və yeraltı sularının qeyd olunduğu kimi təsərrüfat əhəmiyyəti böyükdür. Rayon ərazisindəki iti axan dağ çayları əhali və onun təsərrüfat fəaliyyəti üçün şirin su mənbəyi olmaqla yanaşı çox böyük hidroenerji potensialına malikdir. Hələ 1953-cü illərdə Nic qəsəbə sakini Dallari tərəfindən kəndin içərisindən axan çayın üzərində rayonda ilk hidroenerji qurğusu işə salınmış və o zaman bu stansiyanın verdiyi elektirik enerjisindən evlərin işıqlandırılmasında və təsərrüfatda istifadə olunmuşdur. 1956-cı ildə Çuxur Qəbələ kəndinin şimal şərqində Covurlu və Qara çayın qovuşduğu yerdə qızıl xallı (farel) balıq körpələri yetişdirmə zavodu işə salınmış və ötən illərdə bu zavodun yetişdirdiyi 100 molyonlarla qiymətli balıq körpələri Kür çayı vasitəsi ilə Xəzərə axıdılaraq Xəzərin balıq sərvətinin artırılmasında unikal müəssisə kimi fəaliyyət göstərmişdir. Bu gün nəsli kəsilməkdə olan qızıl balıq növünün Qəbələnin şirin su hövzələrində yetişdirilməsi üçün olduqca əlverişli hidro-bialoji təbii şərait vardır. Bütün bunlarla yanaşı rayonun yeraltı və yerüstü suları nəyinki təkcə Qəbələ rayonunun elecə də qonşu Ağdaş, Göyçay, Ucar, Zərdab rayonlarının əhalisi və insanların çoxsahəli təsərrüfat fəaliyyətinin şirin suya olan təlabatının ödənilməsi baxımından da olduqca əhəmiyyətlidir. Qəbələ rayonun qonşu Oğuz rayonu ilə birlikdə zəngin artezian suyundan Bakı şəhərinin içməli su probleminin həllində istifadə etmək məqsədi ilə Azərbaycan Respublkiasının Prezidenti, Cənab İlham Əliyevin rəhbərliyi və iştirakı ilə 1 mart 2007-ci il tarixdə Oğuz – Qəbələ - Bakı su kəmərinin təməli qoyulmuş, 28 dekabr 2010-cu il tarixdə Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimi olmuşdur. Oğuz və Qəbələ rayonlarından yüksək keyfiyyətli içməli suyun Bakıya gətirilməsi təşəbbüsünün müəllifi ümummilli lider Heydər Əliyevdir. Ulu öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev isə Azərbaycanın ən nəhəng infrastruktur layihələrindən olan bu ideyanın reallaşması istiqamətində mühüm addımlar atmışdır. 2007-ci ilin martında Oğuz rayonunun Sincan kəndində bu layihənin təməli qoyulmuş və tikinti işlərinə başlanmışdır. Uzunluğu 262 kilometrdən çox olan kəməri su ilə təmin etmək üçün çoxlu artezian quyusu qazılmış, yarımstansiya quraşdırılmışdır. Oğuz rayonu ərazisində dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksi tikilmiş, eyni zamanda, suyun tənzimlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular inşa olunmuşdur. Oğuz – Qəbələ - Bakı su kəmərinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.