Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Rayon haqqında
16 Fevral , 2015

Qədim qəbir abidələrinin tədqiqi Albaniya əhalisinin dünyagörüşünü, dini və etnik fərqlərini əks etdirən zəngin material vermişdir. Qeyd etmək lazımdır ki, bir qəbiristanın hüdudları daxilində çox vaxt ölülər müxtəlif qaydada dəfn olunmuşdur; eyni zamanda məskənin ətrafında bir neçə qəbiristanın olması halları da məlumdur. Ölülər dördkünc, dəyirmi, ovalşəkilli torpaq qəbirlərdə, küplərdə, taxta qutularda, saxsı təknədə, çiy kərpicdən hörülmüş qəbirdə, daş qutularda, habelə katakombalarda dəfn edilirdi. Məsələn, Nüydü, Qəbələ, Yaloylutəpə, Uzunboylar üçün torpaq qəbirlər, Qaraköbər qəbiristanı üçün küp qəbirlər, Göygöl üçün (Gəncə yaxınlığında) çiy kərpicdən hörülmüş qəbirlər, Mollaisaqlı üçün saxsı tabutlar səciyyəvi olduğu halda, Şamaxı və Mingəçevir məzarıstanlarında bir qəbiristanın hüdudları daxilində bir neçə tip qəbirlər məlumdur ki, bu da görünür, müxtəlif etnik qrupların mövcud olması ilə bağlıdır. Bu və ya digər dəfn qaydalarına görə müxtəlif arxeoloji mədəniyyətləri də bir-birindən ayırmaq mümkündür. Məsələn, ölünün bükülü vəziyyətdə qoyulduğu, özünəməxsus səciyyəvi keramikası olan torpaq qəbirlər müstəqil arxeoloji mədəniyyət kimi ayrılmış və ilkin aşkara çıxarıldığı yerə görə, "Yaloylutəpə mədəniyyəti" adını almışdır. Bu mədəniyyətin keramikası üçün ən səciyyəvi tiplər üçqulaq, uzun novçalı, yumru gövdəli, lentvari qulplu, yaxşı bişirilmiş qara və ya qırmızı rəngli, bir və üçayaqlı qablardan ibarətdir. Sonralar bu mədəniyyətə mənsub qəbirlər və keramika Albaniyanın bütün ərazisində üzə çıxarılmışdır. Torpaq qəbirləri antik dövrdə də Albaniya ərazisində geniş yayılmış qəbir abidələrinin ən sadə və qədim tipidir. Bunlar əsasən dördbucaq və oval formasındadır. Ölüləri qəbirə az və ya çox bükülmüş vəziyyətdə qoyurdular; oturmuş vəziyyətdə, sağ və ya sol böyrü üstə dəfn etmək hallarına da rast gəlinir. Adətən qəbrin ölçüləri dəfn edilən şəxsin ölçülərindən böyük götürülürdü; bəzən eni 2 metr və uzunu 4 metrə qədər olurdu. Qəbrə ölü ilə birlikdə müxtəlif məişət əşyaları və qurbanlıq heyvanların cəmdəkləri də qoyulurdu. Məsələn, İsmayıllı rayonunun ərazisində yerləşən Uzunboylar qəbiristanının eramızdan əvvəl III-II əsrlərə aid qəbirlərinin birindən 70 saxsı qab, altı nizə ucluğu, bir neçə oraq və bıçaq çıxmışdır. Burada 7 bütöv qoyun-keçi skeleti, bir bütöv inək skeleti və i.a. da vardı. Torpaq qəbirlər alban dövrünün bir çox abidələrindən – Mingəçevirdə, Yaloylutəpədə, Qəbələdə (Qəbələ rayonu), Xınıslıda, Çıraqlıda (Şamaxı rayonu), Nüydüdə, Qırlartəpədə (Ağsu rayonu), Torpaqqalada (Qax rayonu), Uzunboylarda (İsmayıllı rayonu), Kişdə (Şəki), Şəmkirdə, Xuçbalada (Quba rayonu), Tarkidə Qarabudaqkənddə, Şarakunda (Dağıstan), Alazan çayının vadisində və başqa yerlərdə olan abidələrdən məlumdur. Adlarını çəkdiyimiz bütün abidələri səciyyələndirən ümumi cəhətlərlə yanaşı, bəzi məhəlli xüsusiyyətlər də vardır.Məsələn, Mingəçevirdə qəbirlərin demək olar hamısında skelet azacıq bükülü vəziyyətdə idi və başı əsasən şimal-şərqə tərəf qoyulmuşdu. Qəbirdə zəngin avadanlıq, o cümlədən keramika, dəmir silah və əmək alətləri, bəzək şeyləri, sikkələr, möhürlər və i.a. vardı. Tapıntıların təhlili göstərilən qəbirləri eramızdan əvvəl V-III əsrlərə aid etməyə imkan verir. Ölülərin çox bükülü vəziyyətdə dəfn edildiyi torpaq qəbirlər Yaloylutəpədə, Nüydüdə, Xınıslıda üzə çıxarılmışdır və əsasən eramızdan əvvəl III-I əsrlərə aiddir. Adı çəkilən abidələr arasında Nüydü xüsusi yer tutur.Burada keramika ilə yanaşı, çoxlu nizə ucluqları və bir tunc dəbilqə də tapılmışdır. Nüydüdə zəngin bər-bəzək dəsti – qolbaqlar, üzüklər, asma bəzəklər, boyunbağılar, qadın tacları (çələngləri) aşkar edilmişdir. Qəbirlərin birindən yerli ustalar tərəfindən zərb olunan sikkə dəfinəsi tapılmışdır. Maddi mədəniyyətin qeyd edilən bütün kateqoriyaları yerli ustaların məhsuludur. Qədim Şamaxı, Qəbələ, Bərdə və b. qəbiristanların öyrənilməsi zamanı üzə çıxarılmış gümüş və qızıl məmulatı diqqəti cəlb edir. Qırlartəpə məskəninin yaxınlığında yerləşən, içərisində keramik qablar olan torpaq qəbirdən döymə üsulu ilə hazırlanan iki gümüş piyalə tapılmışdı. Burada yerli sənətlər haqqında müəyyən təsəvvür yaradan silah və bəzək şeyləri də aşkar edilmişdir. Albaniya ərazisində iri küplərdə dəfn etmək adəti geniş yayılmışdı.Belə qəbirlər Mil, Qarabağ və Şirvan düzlərində və dağətəyi rayonlarda, Kür çayının sahillərində qeydə alınmışdır.Ağcabədi, Ağdam, İsmayıllı, Ucar, Şamaxı, Xankəndi, Qəbələ rayonlarında, Mingəçevirdə, Qalatəpə xarabalıqlarının ətrafında, başqa rayonlarda yüzlərlə küp qəbir tədqiq edilmişdir.Küplərdə dəfn etmək adəti ən qədim əsrlərdən başlanmışdır. Bu tip qəbirlər müxtəlif vaxtlarda Ön Asiyada və Qafqazda geniş yayılmışdır. Albaniyada bu adət eramızdan əvvəl I minilliyin ikinci yarısından ta eramızın VIII əsrinədək mövcud olmuşdur. Albaniyanın qəbir abidələrinin başqa bir tipi ölülərin gil tabutlarda dəfn edilməsidir. Bu dəfn adətinin İsmayıllı rayonunda Mollaisaqlı, Hacıhatəmli və Qalagah kəndləri ətrafında, Qəbələ rayonunda, Quşlar və Savalan kəndlərinin yaxınlığında, habelə Şamaxı rayonunda yayıldığı öyrənilmişdir. Saxsı təknə yaxud tabutlar əsasən bir-biri ilə birləşən iki hissədən ibarətdir; divarlarında bir neçə kiçik deşik vardır. Kiçik gil tabutlar böyük tabutlardan yalnız ölçüsü ilə deyil, forması ilə də fərqlənir, onların bir və ya iki tutacağı vardır, deşikləri yoxdur, uzunsovdur, oval və ya dördbucaq şəklindədir; skeletlər bükülü vəziyyətdə sol və ya sağ böyrü üstə qoyulmuşdur. İstiqamət müxtəlifdir, lakin sifət əksər hallarda şərqə tərəf yönəldilmişdir.[218]Avadanlıq əsasən baş hissədə, mərhumun üzü qarşısında və ayaq tərəfdə qoyulmuşdur. Tabutlardan kənarda zərif düzəldilmiş saxsı qablar yerləşdirilirdi. Qəbirlərin içərisində şüşədən, pastadan, mərmərdən və i.a. hazırlanan çoxlu muncuq, habelə tunc qolbaqlar, üzüklər, müxtəlif asma bəzəklər və maral təsvirli metal lövhə aşkar edilmişdir. Gil tabutlarda dəfn etmək adəti vaxt etibarilə əsasən Yaloylutəpə mədəniyyəti dövründə, yəni eramızdan əvvəl III əsrdən eramızın I-II əsrlərinə qədər olan dövrə uyğun gəlir. Tarixi Albaniyanın ərazisində katakomba, taxta qutu və çiy kərpic qəbirlər aşkara çıxarılmış və öyrənilmişdir. Qəbirlərin bu tipi Azərbaycan ərazisinə sarmat-massaget-alan və digər irandilli tayfalar tərəfindən gətirilmiş və yerli əhali arasında qismən yayılmışdır. Katakombalarda olan taxta qəbirlərdə maddi mədəniyyətin yüksək inkişaf səviyyəsini əks etdirən zəngin dəfn avadanlığı vardı.Bu tip qəbirlər eramızın I-IV əsrlərinə aid edilir; bunlar yalnız Mingəçevirdən tapılmışdır. Taxta qəbirlərdə ölülər bir qayda olaraq qoşa dəfn edilir, onlar üz-üzə, bükülmüş vəziyyətdə, başları cənub-şərqə tərəf qoyulurdu.Dəfn avadanlığı taxta qəbirin həm içərisində, həm də bayırında yerləşdirilirdi; ona keramikadan əlavə, dəmir qılınclar, xəncərlər, bıçaqlar, gümüş piyalələr, qızıl və gümüş zinət şeyləri, üzük-möhürlər və i.a. daxil idi. Bu tip qəbirlər zadəgan zümrəni əks etdirir. Albaniyanın maddi mədəniyyəti qəbir tikililərinin başqa bir tipində -Xanlar rayonunda, Mingəçevirdə, Sabirabad rayonu ərazisindəki Cəfərxan kəndinin yaxınlığında tədqiq edilmiş çiy kərpic qəbirlərdə də öz əksini tapmışdır. Ölünün tək dəfn edilməsi bu qəbirlər üçün səciyyəvidir. Burada ölü arxası üstə uzadılırdı. Bu tip qəbirlərdən əldə edilən materiallardan bəlli olur ki, onlar iki eranın ayrıcına və eramızın ilk əsrlərinə aiddir.