Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Rayon haqqında
16 Fevral , 2015

"Onun (Faddeyin) şagirdi Müqəddəs Yelisey (Elişe) Yerusəlimə qayıdaraq, onun əzabları haqqında ...digər həvarilərə danışır... Yelisey orada Yerusəlimin ilk patriarxı, [İsanın] qardaşıMüqəddəs Yakov tərəfindən təyinat alır. Yeliseyin payına Şərq düşür". Burada müəllif "digər həvarilər" dedikdə Müqəddəs Faddeyin, Yeliseyin və başqa həvarilərin fəaliyyətlərinin eyni zaman çərçivəsində, yəni I—II əsrlərdə baş verdiyini göstərmək istəyir. Gördüyümüz kimi, bu mətndə Şərq dedikdə, Albaniya nəzərdə tutulur. Moisey Kalankatlının işlətdiyi "Şərq", "Şərq ölkəsi", "Şimal-Şərq" anlayışlarının tədqiqi onların Albaniyanı, Yerusəlimə nisbətlə xristian dünyasının Şərq hüdudlarında yerləşən albanlar ölkəsini bildirdiklərini sübut edir. Xristianlığın Albaniyada təbliğinin ilk siryanipərəst dövründə İncil kəlamları Yaxın və Orta Şərqin bütün ölkələrində olduğu kimi, siryani (arami) dilində yayılırdı. Bu, yalnız həvarilər və onların şagirdlərinin deyil, həm də Suriya missionerlərinin fəaliyyəti ilə bağlı idi. Moisey Kalankatlı öz əsərində siryanipərəst dövr haqqında mühakimə yürütmək imkanı verən məlumatları təqdim etmişdir; Suriya rahiblərinin IV-V yüzillərdə Albaniyadakı fəaliyyəti, xristian abidələri üzərindəki arami yazıları haqqında olan xəbərlər belə məlumatlardandır. Xristianlığın "yunanpərəst" II mərhələsi, yuxarıda qeyd etdiyimiz kimi, bütün Cənubi Qafqaz ölkələrində ümumi olsa da, müddəti və xüsusiyyətləri baxımından fərdi cəhətlərə malik idi; bu isə, sözsüz ki, siyasi səbəblərlə izah oluna bilər. Tədqiqatlar göstərir ki, alban, erməni və iber kilsələrinin imperiya kilsəsi ilə münasibətləri"siyasi şəraitlə bağlı işıqlandırılmalıdır; başqa sözlə desək, ölkənin [Şərqi Roma] imperiyasından siyasi asılılıq dərəcəsi kilsənin asılılığı səviyyəsində özünü göstərməlidir". Məlumdur ki, bu asılılıq Ermənistanda daha çox, İberiyada isə nisbətən az idi; Albaniyanın isə heç bir asılılığı yox idi. Ona görə də ellinpərəstMaarifçi Qriqori və onun nəvəsi Müqəddəs Qriqorisdən sonra alban kilsəsi Yerusəlim kilsəsi ilə münasibətlərini davam etdirirdi. Bütün bunlar elmdə hakim olan fikrin – ilk xristian təbliğatçılarının Albaniyaya Ermənistandan göndərilməsi fikrinin əsassız olduğunu göstərir. Bu, sağsahil Albaniyası vilayətlərində fəaliyyət göstərən xristian təbliğatçılarının Ermənistandan, sol sahil Albaniyasının şimal – qərb vilayətlərinə (yəni İori və Alazan çayları arasındakı vilayətlərə) göndərilənlərin isə İberiyadan gəlmələri fikrinə də aiddir. Məlum olduğu kimi, Sasanilər öz tabeliklərində olan Cənubi Qafqaz xristian xalqlarına sabit münasibət bəsləmirdilər. Xristianlığın Şərqi Roma imperiyasındaqələbəsi (IV əsrin əvvəlində) bu münasibəti daha da gərginləşdirdi. Sasani dövləti ərazisində rəsmi kilsə ilə mübarizə aparan müxtəlif xristian təriqətləri müdafiə edilməyə başlanıldı. Moisey Kalankatlının məlumatına görə, alban arşaki hökmdarları Urnayr, II Vaçe, III Vaçaqan müxtəlif bütpərəstlik dinlərinin köklərini kəsmək üçün şiddətli mübarizə aparırdılar. V əsr Aquen məclisində qəbul edilmiş qanunların ikisi xristianlığaqədərki dinlərin qalıqlarının təqib olunmasına həsr edilmişdi. VIII əsrdən etibarən Azərbaycanın Şimal hissəsi ərəblərin və İslamın təsir dairəsinə düşdü. Lakin Albaniya əhalisinin xeyli hissəsi hakim sülalənin nümayəndələri Mihranilərlə birlikdə dövlət dini elan edilmiş xristianlığa etiqad edirdilər. Qonşu xristian ölkələrində olduğu kimi, burada da yunan diofizi dini etiqadından kənara çıxan müxtəlif bidətçi cərəyanlar fəaliyyət göstərirdi; bu cərəyanların qriqorian təriqətinə düşmən olan üzvləri bu dövrdə amansızlıqla təqib olunurdular. Alban kilsəsinin təqib olunmasında, onun sərbəstlik və müstəqillik hüququnun pozulmasında Erməni Qriqorian Kilsəsi xüsusi rol oynayırdı. Alban kilsəsini öz nüfuzuna tabe etmək istəyən erməni katolikosları məqsədlərinə çatmaq üçün, Sasanilər dövründə olduğu kimi, ərəb hökmranlığı dövründə də Xilafətin hərbi qüvvələrinin köməyinə əl atırdılar.Cənubi Qafqazda özlərinə arxa axtaran Əməvilər ermənilər və albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək, alban kilsəsinin erməni kilsəsinə tabe olunması üçün şərait yaratdılar. Erməni katolikosu İlya xəlifə Əbd ül-Malikə aşağıdakı məzmunda bir məktub yazmışdı: "Hökmdar Əbd ül-Malik Əmir əl-Mömininə erməni katolikosu İlyadan. Qadir Allahın iradəsi ilə bizim tabe ölkəmiz Sizə qulluq edir. Biz və Alban kilsəsi bir ilahi İsa dininə etiqad edirik. Partav taxtında oturan indiki Alban katolikosu yunan imperatoru ilə sazişə girib öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun və onun himayəsini qəbul etsin. İndi qoy bu Sizə məlum olsun, ta bu barədə qərar qəbul edəsiniz, çünki bu bədəfkarlıqda onun bir əyan qadın həmfikri də vardır. Böyük hökmdar, Siz öz hakimiyyətinizlə əmr buyurun onlar Allaha qarşı işlədikləri günah üstündə müstəhəqq olduqları cəzaya çatsınlar". Onsuz da bölgədə hərbi əməliyyata başlamaq üçün bəhanə axtaran xəlifə isə bu məktubdan sevinərək erməni katolikosuna aşağıdakı məzmunda bir məktubla cavab verir: "Ey Allahın xadimi və erməni xalqının katolikosu İlya, sənin səmimi məktubunu oxudum və sənə mərhəmətim olduğuna görə öz sədaqətli bəndəmi çoxlu qoşunla göndərdim. Əmr etdik ki, bizim hökmranlığımıza qarşı qiyam edən albanlarda sizin dininizə uyğun dəyişiklik edilsin. Bizim hökmü bəndəmiz Partavda, sənin hüzurunda icra edəcəkdir: Nersesi və bədəfkarlıqda onun həmfikri olan qadını bir zəncirə bağlayacaq və elə şahanə mühakimə edəcəkdir ki, onlar bütün qiyamçıların yanında rüsvay olsunlar". Hadisələrin daha sonrakı cərəyanını isə alban tarixçisi Moisey Kalankatlı öz əsərində bu cür təsvir edir: Böyük erməni patriarxı Albaniya paytaxtı Partava gəlib böyük kilsədə oturdu və əmr etdi ki, Nersesi onun hüzuruna gətirsinlər. Lakin Nerses gizlənmişdi və onu tapa bilmirdilər; onda böyük din xadimi, Alban knyazı Şeroy onun yaxın adamlarını tutub əmr etdi ki, Nersesi gətirsinlər; sonra onu böyük yığıncağın ortasında İlyanın qarşısına gətirdilər. Lakin bu aciz adam cavab verə bilmədiyi üçün padşahın əmri ilə dəhşətli əzab çəkdi, həmin qadınla addım – addım gətirildi və onların sürgün edilməsi qərara alındı. Nerses buna dözə bilmədi, 8 gün heç bir şey yemədi və öldü. O vəsiyyət etdi ki, özünü ayağındakı zəncirlə basdırsınlar. Nerses Şeroya lənət yağdırdı, çünki hakimiyyət üstündə Şeroy və Sprama arasında başlayan çəkişmədə, o [Şeroy], Nerseslə Spramanın məhv olmasına səbəb oldu. Nerses pravoslav məzhəbinin patriarx taxtında 14 il oturdu və 3 il yarım günahkar qaldı (688-704-cü illər). Bütün bunlardan sonra dini yığıncaq həlim adam Simeonu seçdi və onu Albaniyanın katolikosu etdi. O, ölkədə Nersesin hərcmərcliyini dayandırdı və yolunu azmış kilsəyə çoxlu həqiqi etiqad qərarı verdi. O özünün Bərdəkür adlanan yay iqamətgahında əmr etdi ki, Nersesin bidət dolu bütün kitablarını sandıqlara doldurub Trtu [Tərtər] çayına atsınlar. Erməni kilsəsi Alban ruhanilərini tutduqları mövqelərdən sıxışdırıb çıxarmış və ölkədə ərəblərin əlləri çatmayan dağlıq yerlərdə yaşayan albanları möhkəm qriqoryanlaşdırmağa başlamışdı. Erməni ruhaniləri Arran kilsəsinin nüfuzunu yerli əhali arasında tədricən heçə çıxarmış və ərəb hakimlərinin əli ilə albanların bütün ədəbi abidələrini dağıdıb Alban mədəniyyətini, heç olmazsa, azacıq xatırlada biləcək hər şeyi məhv etmişlər. Bütün bu işlər, əvvəlcə Xilafətin köməyi ilə, sonralar isə digər istilaçıların icazəsi və köməyi ilə görülmüşdür. Qriqoryan kilsə xadimləri Arran ədəbi abidələrini məhv edərkən, əvvəlcə bu abidələriqrabara çevirirdilər. Arranın dağlıq vilayət və rayonları olan Sünik , Artsak, Xaçın, Şəki, Girdiman əhalisi ilə indiki Gəncə, İsmayıllı, Qəbələ, Oğuz rayonlarının və Azərbaycan Respublikasının bir sıra digər rayonların əhalisi, həmçinin Ermənistan Respublikasında Sisian, Basarkeçər və digər rayonların bəzi kənd yerlərinin əhalisi indi erməni olsa da, bu əhalinin adət və ənənələri, qonşuluqda yaşayan və ata-babaları müxtəlif səbəblər üzündən müsəlman olan Azərbaycan türklərinin adət və ənənələrinin eynidir. Bu rayonların əhalisi məhz onlardır ki, "erməni dini kilsəsinə qoşulmuş və ermənilərlə qarışmışlar" İ.P.Petruşevski göstərir ki, erməni kilsəsi Albaniyada "ölkəni erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu VIII əsrin başlanğıcından etibarən xüsusilə nəzərə çarpır, yəni o zamandan sonrakı erməni monofızit katolikosu Yegi xalkedonçuluq edən Alban katolikosu Nersesi (Bakuru) ərəb xəlifəsinin köməyi ilə devirmişdi və Albaniyada ruhanilər və knyazların bir hissəsinin, Alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirən xalkedonçuluq (pravoslav, yunanpərəst, gürcüpərəst) hərəkatı ermənipərəst monofızitlər tərəfındən yatırılmışdır". Bütün bu çətinliklər və ağır mübarizə şəraitinə rəğmən Alban Həvari Kilsəsi öz varlığını 1836 – cı ilə kimi qoruya bilmişdir. Lakin 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqorian kilsəsinin tabeçiliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. Bununla belə, 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Alban Həvari Kilsəsi yenidən qeydiyyata alınaraq fəaliyyətini bərpa etmişdir.