Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Rayon haqqında
16 Fevral , 2015

E.ə. II-I yüzilliklərdə, Parfiyanın hərbi cəhətdən qüdrətli dövründə, tabelikdə olan ölkələrə nəzarət etmək üçün formalaşmış inzibati aparatın olmadığı bir şəraitdə Parfiya Arşakiləri üçün mümkün olan yeganə düzgün qərar həmin məmləkətlərdə yerli sülalələri hakimiyyət başında saxlamaq idi. Sonralar vassal çarlıqların separatizmi gücləndikcə Parfiyanın mərkəzi höküməti yeni siyasətə – vassal məmləkətlərdə yerli sülalələri taxtdan götürüb əvəzinə öz adamlarını, Arşakilərin nümayəndələrini təyin etmək siyasətinə əl atdı. Persida, Elimaida, Atropatena, Hirkan, Ermənistan, Hindistan, Gürcüstan vəMaxeloniyada Arşakilərin şaxələri, kiçik Arşaki sülalələri belə yarandı. Arşaki sülaləsi nnümayəndələrinin bir qolu da həmin dövrdə (63-cü il) Albaniyada bərqərar oldu. Alban Arşakiləri haqqında əldə edilən məlumatların əsas mənbələri Moisey Kalankatlı, Favstos Buzand, Yegişe, Moisey Xorenli, Aqafangel, Kirakos Gəncəli və Mxitar Qoşun əsərləri, habelə "Müqəddəslərin həyatı" (aqioqrafik əsərdir) və "Carıntir"dir. Alban Arşakiləri haqqında elmdə belə bir mülahizə mövcuddur ki, bu sülalənin alban qanadı IV yüzillikdə bərqərar olmuş və onun əsasını Kalankatlının yazdığı kimi I Cəsur Vaçaqan yox, Sanatruk tərəfindən qoyulmuşdur. M.Brosse belə hesab edir ki, Sanatruku Albaniyanın hökmdarı kimi qəbul etmək və onun adını Alban Arşakilərinin sırasında I Cəsur Vaçaqandan əvvəl yazmaq lazımdır. S.T.Yeremyana görə Albaniyada Məsqət (Məsküt, Massaget) Arşakiləri şahlıq etmişlər. O, belə hesab edir ki, həmin sülalə Albaniyada hakimiyyət başına 388-ci ildə gəlmişlər, yəni S.T.Yeremyan Parfiya Arşakilərinin Alban budağı olduğunu inkar edir. E.A.Krımski belə hesab edir ki, Alban Arşakiləri "eran şah", yaxud "eran şahin" titulunu daşıyırdılar və "eran şah" ifadəsi "aran şah" sözünün təhrifidir. Bu isə "Aran hökmdarı", "Alban hökmdarı" deməkdir, başqa sözlə, Aranşahilər (Aranilər) elə Arşakilərdir. N.Akinyan və B.A.Ulubabyan isə bu haqqda tamamilə başqa fikirdədirlər. Məsələn N.Akinyan Alban Arşaki hökmdarlarının siyahısını "redaktorun" uydurması sayır. O, göstərir ki, tarixə (müəllif erməni mənbələrini nəzərdə tutur) Alban Arşakilərindən yalnız iki nəfər məlumdur. Bunlar Urnayr (IV əsr) və Asuagendir (V əsr). II Vaçe və III Mömün Vaçaqana gəlincə, onların adı yalnız Alban ölkəsinin tarixində çəkilir və buna görə də N.Akinyanın fikrincə, onlar Moisey Kalankatlının uydurmasıdır. Digər Alban Arşakilərindən danışanda N.Akinyan göstərir ki, onların adları alban zadəganlarının VIII-X yüzilliklərə aid siyahısından götürülmüşdür. Yəni yenə də uydurma sayılmalıdır. K.V.Trever, onun ardınca isə K.Tumanov belə hesab edirlər ki, Alban Arşakiləri hakimiyyət başına eramızın I yüzilliyində gəlmiş və Parfiya Arşakilərinin köməyi ilə VI əsrə qədər – Alban hakimiyyəti ləğv edilib ölkə Sasani canişinlərinin ixtiyarına verilənədək hakimiyyət başında qalmışlar. Moisey Kalankatlı məlumat verir ki, Parfiyalı Valarşak Albaniya əhalisi üzərinə knyaz və hakimlər təyin etdi: "Valarşakın əmri ilə İafet nəslinin Sisakan sülaləsindən çıxmış bir nəfər (Aran) onların hamısının başçısı təyin olundu ki, Erasxdan tutmuş, Xnarakertə (Xunan qalası) qədər Albaniyanın bütün dağları və düzləri ona miras qaldı..." — Kalankatlı, I, V M Kalankatlı öz əsərində təqdim etdiyi Arşaki alban hökmdarlarının sırasına Aranı daxil etməmişdir. F. Məmmədova qeyd edir ki, görünür yerli sülaləni Arşakilər sülaləsi əvəz etmişdi.Siyahıdakı on hökmdarın Arşaki olması müəllifin sonrakı məlumatlarında təsdiqlənir: "Cəsur Vaçaqandan Mömin Vaçaqana qədər 10 hökmdar olmuşdur. Mömin Vaçaqanın ölümündən sonra isə bu nəsil (azqn) zəifləməyə başladı və Sasani tayfasının Mehrani nəslindən olan knyazlar İrandan gəlib Albaniyada möhkəmləndilər." — Kalankatlı,III,23 Kalankatlının təqdim etdiyi siyahıda həmçinin Sanatrukun da adı yoxdur, halbuki, bir çox tədqiqatçılara görə Alban Arşakilərinin əsasını məhz o qoymuşdur. F. C. Məmmədova və Z. M. Bünyadovagörə Sanatruk Şimal xalqlarının Ermənistana basqını ilə bağlı olan tarixi şəxsiyyətdir. Mənbələrdə onu Sanesan və Sanatruk adlandırırlar. Sanatrukun adı ilk dəfə Maarifçi Qriqorinin nəvəsi Müqəddəs Qriqorisin adı ilə, onun Albaniyada, İberiyada və Maskutlar ölkəsində missioner fəaliyyəti ilə əlaqədar olaraq çəkilir. İlk Alban Arşaki hökmdarı I Cəsur Vaçaqan Atropatenada, Ermənistanda və Maskutlar ölkəsində taxta çıxmış ilk kiçik Arşakilərlə eyni vaxtda hakimiyyət başına gəlmişlər. Kiçik Arşakilər Parfiya şahı Vanonun oğlu I Valarş (Vologez) tərəfindən taxta çıxarılmışdır. Eramızın I əsrində Alban Arşaki nümayəndəsi I Cəsur Vaçaqana Albaniyanın bütün vilayətlərini birləşdirmək müyəssər olmuşdur.Ehtmal ki, I Vaçaqandan əvvəlki yerli sülalə hökmdarlarının bütün vilayətlərə hökmü çatmamışdır. Mənbələrdə haqqında ən çox bəhs olunan Arşaki Alban hökmdarlarından biri də Urnayrdır. Urnayrın hakimiyyət illəri naməlum qalmışdır. Moisey Kalankatlının yazdığına görə Urnayr Sasani şahı II Şapurun (309 – 379), Bizans hökmdarı Böyük Konstantinin (337 – 361), erməni çarları III Trdat (287-330), Tiqran (338-345), Arşak (345-367) və Papın (370-374) müasiri olmuşdur. Onun adı ilk dəfə 313-cü ildə digər alban əyanlar ilə birgə xristianlığı qəbul etməsi ilə bağlı çəkilir.Onun adı ilə bağlı son hadisə 371-ci ildə baş vermiş Dzirav döyüşüdür. Bütün bunları nəzərə alan Fəridə Məmmədova belə hesab edir ki, Urnayr 313 – 371-ci illərdə hakimiyyətdə olmuşdur. Moisey Kalankatlı onu"Fədakar hökmdar, Ermənistanın mərkəzinə qələbə bayrağı sancmış və böyük müharibələrdə şərəfli ad çıxarmış xadim" kimi xatırlayır. Ancaq burada hansı müharibələrdən bəhs olunması naməlum qalır. Urnayrın daxili siyasəti bütpərəstliklə mübarizə, xristianlığın dövlət dini elan olunması (313 – 314-cü illər), kilsəyə torpaq verilməsi və s. ilə xarakterizə olunur. Urnayrın dövründə ölkənin paytaxtı və alban katolikosluğunun mərkəzi Qəbələ (Kabalaka) olmuşdur. Urnayrın xarici siyasətinə gəlincə, məlumdur ki, Albaniya Sasani şahı II Şapurun vassalı və müttəfiqi olduğundan Sasani-Bizans müharibələrinə cəlb edilmişdi. 359-cu ildə Amida yaxınlğında və 371-ci ildə Dzirav çölündə Sasani-Bizans/erməni döyüşlərində Urnayr II Şapuru müşayiət etmişdir. Alban Arşakiləri arasında Urnayrdan sonra haqqında məlumat olan ökmdar Asuagendir. Onun hakimiyyəti dövründə köhnə alban əlifbasının islah edilməsi yolu ilə yeni alban yazısı yaradılmışdır. Bu haqqda məlumatlar Moisey Kalankatlıda, eləcə də V – VIII əsr erməni müəllifləri Koryun, Movses Xorenli və başqalarındadır. Asuagen tərəfindən alban uşaqlarının təhsilə cəlb edilməi xüsusi maraq doğurur. O, "vilayət və rayonlarda uşaqlara yazı sənətini öyrətməyi, onları dətələrlə məktəblərə göndərməyi, onların yeməklə təmin olunması üçün vəsait ayırmağı əmr etdi". Asuagenin dövründə yeni əlifbanın qəbulundan sonradini kitbları, apostolların təlmini və başqa kitabları Suriya dilindən və yunancadan alban dilinə tərcümə etməyə başladılar. 444-cü ildə isə Asuagenin oğlu (Asuagenin arvadı Sasani şahı II Yezdəgerdin bacısı idi) II Vaçe Albaniyada hakimiyyət başına gəldi. Kalankatlı yazır ki, Sasani şahı Perozun əmri ilə II Vaçe Perozabad (Bərdə) şəhərini tikdirdi və həmin şəhər onun hakimiyyəti illərində ölkənin paytaxtına çevrildi. Paytaxtın QəbələdənBərdəyə keçməsi daxili siyasətdəki dəyişikliklərlə əlaqədar idi. Köçərilərin tez – tez baş verən yürüşləri ilə əlaqədar olaraq, ölkənin mədəni -siyasi mərkəzi Kürçayının sol sahilindən sağ sahilinə keçirilir. II Vaçenin hakimiyyəti İran əlehinə xalq hərəkatı ilə – 450 – 451-ci illərdə Cənubi Qafqaz xalqlarının türk mənşəli erməni sərkərdəsi Vardan Mamikonyanın başçılıq etdiyi üsyanı ilə və eləcə də 457 – 463-cü illərdə II Vaçenin özünün başçılığı ilə Albaniyada baş vermiş üsyanla əlaqədardır. Cənubi Qafqaz xalqlarını Sasanilər əlehinə üsyana sövq edən isə siyasi, iqtisadi və ideoloji zülm idi. II Yezdəgerd xristianlığın kökünü kəmək üçün Cənubi Qafqaza 700 məzdəki kahin göndərmişdi və onların 300 nəfəri Albaniyaya gəlmişdi.Yelişe yazır ki, Sasani dövlətində müvəqqəti olaraq yaranmış sülh459-cu ildə Albaniya hökmdarının tabeçilikdən qəti imtina etməsi ilə pozuldu. Alban üsyançıları Çola keçidini tutdular, maskut ordusunu şəhərə buraxdılar və Böyük Qafqazın 11 hökmdarı ilə ittifaqa girərək onlarla birgə Sasanilərə qarşı hərbi əməliyyatı iki il uğurla davam etdirdilər. Sasanilərin Vaçe ilə danışıqlara başlamaq cəhdlərinin hamısı boşa çıxdı. Onda Peroz böyük miqdarda pul verməklə Onoqur (F. Cəlilova görə "On Oğuz" hunlarını köməyə çağırdı və onlar Alan (Dəryal) keçidi ilə Albaniyaya soxuldular. 462-ci ildə isə albanlara qarşı uzun sürən müharibəyə başladılar.Onoqurlar düz bir il ərzində alban hökmdarı ilə döyüşdülər. Vaçenin ordusu azalıb dağılsa da onu məğlub etmək olmadı.Albaniyada 457-ci ildə başlayan üsyanı yalnız 463-cü ildə yatırmaq mümkün oldu. Sasanilər Albaniyada yenidən o qədər möhkəmləndilər ki, II Vaçe hakimiyyətdən əl çəkdi və Perozdan xahiş elədi ki, atasından qalma mülklərə dəyməsinlər. Beləliklə 463-cü ildə Albaniyada dövlət quruluşu ləğv olundu və ölkəni Sasani canişini – mərzban idarə etməyə başladı. Albaniyada bu rejim 483-cü ilə qədər davam etdi. 487-ci ildə II Vaçenin əmisi oğlu, Alban Arşakilərinin son nümayəndəsi – III Mömin Vaçaqan hakimiyyətə gəldi və albaniyada yerli sülalənin hakimiyyəti bərpa edildi. Moisey Kalankatlı belə məlumat verir: "Vaçedən III Mömin Vaçaqana qədər 30 il ərzində Albaniya hökmdarsız qaldı."Alban tarixçisinin yazdığına görə "Albaniya əhalisi yenidən vahid səltənətdə birləşib şah övladlarından ən cəsur, müdrik, ucaboy Vaçaqanı seçdilər."Mömin Vaçaqanın hakimiyyət illəri Albaniyaanın siyasi, dini – mədəni intibah dövrü idi. O hər şeydən öncə ölkə əhalisinin vahid dinə ibadət etməsinə nail olmağa, xristianlığı ümumi dövlət dininə çevirməyə çalışdı. Vaçaqan məktəblər açdırdı, dağılmış kilsələri bərpa etdirdi, yeni kilsə və monastrlar tikdirdi, kilsə rütbələrini bərpa etdirdi. Onun hakimiyyəti dövründə Aquen kilsə məclisi çağırıldı. Albaniyanın müstəqillyini möhkəmləndirməyə çalışan və yad qüvvələrin dini – siyasi təsirlərinə və assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil kilsənin böyük siyasi rolu olduğunu nəzərə alan III Vaçaqan bu kilsənin sarsılmış dayaqlarını möhkəmləndirməyi və onu iqtisadi baxımdan gücləndirməyi vacib sayırdı.Alban Arşakiləri müstəqil alban siyasəti yürüdür, Albaniya dövlətinə, alban xalqına və onun dininə sədaqətlə xidmət edir, yerli mədəniyyətə qarışaraq albanlaşırdılar. Fəridə Məmmədovayagörə Albaniyanın IV – VI əsr siyasi quruluşunu mərkəzləşdirilmiş feodal dövləti kimi təqdim etmək olar.